finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Ekspert: "Sahibkarların bank hesablarının sığortalanma mexanizminə daxil edilməsi müsbət yenilikdir"

    Ekspert:

    Qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Lakin artıq dekabrın 11-də ölkə parlamenti tərəfindən sözügedən qanunun müddətinin daha 4 ay artırılmasına dair layihəni birinci oxunuşda qəbul edib. Belə ki, 2020-ci ilin dekabrın 4-dən 2021-ci ilin aprelin 5-dək əmanətlər tam olaraq sığortalanacağı gözlənilir.

    Bundan başqa, dördaylıq müddət bitəndən sonra fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması, sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə, həmçinin notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib. 

    Qanunun müddətinin yenidən uzadılmasını və onun ölkənin bank sisteminin inkişafı üçün əhəmiyyətini “AccessBank”ın hüquq məsələləri və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov şərh edib.

    Bank sektorunun həm pandemiyanın, həm də hərbi vəziyyətin təsirlərinə məruz qalması fonunda Qanunun müddətinin uzadılması təşəbbüsünü düzgün və zəruri addım hesab edən ekspert onu da bildirib ki, bu, həm insanlarda rahatlığı artıracaq, həm də banklara işlərini daha optimal planlaşdırmağa imkan verəcək. 

    Ə. Baxışov əmanətlərin tam sığortalanması mexanizminin azsaylı ölkələrdə tətbiq edildiyini xatırladıb: “Dövlətlər belə mexanizmlərdən istifadə etməklə insanlarda əminlik yaradır ki, onlarda olan pul vəsaitlərini özlərində heç bir əlavə qazanc gətirmədən saxlamaq əvəzinə banklara əmanət kimi qoymaq daha sərfəlidir. Belə ki, dövlət tam təminat verir ki, əmanətini müəyyən olunmuş faiz həddi çərçivəsində bankda yerləşdir və əgər bank onu qaytara bilməsə dövlət tam məbləğdə geri qaytaracaq. Azərbaycanda son ləğv olunan banklarda biz bunu müşahidə etdik və dövlət tərəfindən sığortalanmış əmanətlər üzrə kompensasiyalar çox qısa müddətdə qaytarıldı. Lakin nəzərə almaq lazımdır ki, bu mexanizm çox böyük maliyyə vəsaiti tələb edir. Yəni bunun tətbiq edən ölkələrin geniş maliyyə resursları olmalıdır. Həmçinin, bu mexanizmin uzunmüddətli tətbiqi əmanətçilərdə bankların seçimində maraqsızlığı artırmaqla yanaşı, maliyyə vəziyyəti nisbətən aşağı olan banklarda əmanətlərin çoxalmasına da səbəb ola bilər. Bu isə, öz növbəsində, insanların deyil, dövlətin sığortaçı kimi maliyyə itkisinə səbəb olması riskini artırır”.

    Qanun çərçivəsində kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılmasını mühüm hadisə hesab edən ekspert onu da bildirib ki, tam sığortalanma mexanizminin tətbiqi bitəndən sonra əmanətçilər daha uzun müddətə 100 min manatadək əmanətlərini müəyyən faiz həddini nəzərə almaqla banklara rahat şəkildə yerləşdirə biləcək. Bununla da banklarda əmanətlərin məbləği artacaq. Bu, banklarda əmanətlər üzrə vaxt, inzibati xərclərin optimallaşdırılmasına da müsbət təsir edəcək.

    20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesablarının qorunması məsələsinə toxunan Ə. Baxışov qeyd edib ki, hər bir əlavə təminat, sığortalanma dövlət üçün müəyyən xərclər deməkdir. Bu cür xərclərin formalaşdırılması ciddi şəkildə əsaslandırılır: “Dövlət tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarının sığortalanma mexanizminə daxil edilməsi sığortalamanın əhatə dairəsini genişləndirən müsbət bir yenilikdir. Hesab edirəm ki, belə bir sığortalanma fərdi sahibkarların da banklara etibarını artıracaq, banklarda onların vəsaitlərinin ən azı 20 min manatadək məbləğdə rahat şəkildə saxlamalarını həvəsləndirəcək. Bütün qeyd edilən tədbirlər maliyyə şəffaflığının da təmin edilməsində əhəmiyyətli addımlardandır”. 

    Notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlərin də qorunan sayılması məsələsini şərh edən ekspert xatırladıb ki, daşınmaz əmlakların alqı-satqısı zamanı ödənişlərin notariusun depozit hesabı ilə aparılması qanunvericiliyin tələbidir. Yəni bu əməliyyatların belə aparılması icbaridir: “Notariusların depozit hesabları banklarda olur. Həmin hesablardakı vəsaitin böyük hissəsi fiziki şəxslərin aralarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlıdır və əməliyyatın sonunda satıcı tərəfindən götürülür. Bunları nəzərə alaraq demək olar ki, həmin vasitələr də fiziki şəxslərindir və onların da sığortalanması insanlarda notariat əməliyyatları zamanı vəsaitlərini alacaqlarına tam əminliyi təmin edir. Odur ki, bu cür təminatın dövlət tərəfindən verilməsi ədalətli və zəruri addımdır”.

    Ölkədə əmanətlərin tam sığortalanmasının müddətinin bitməsinin əhalinin banklardakı əmanətlərinə mənfi təsirini aşağı qiymətləndirən ekspert kompensasiya məbləğinin 100 min manatadək artırılmasının bank sistemində dayanıqlığı əhəmiyyətli dərəcədə təmin edəcəyinə əmin olduğunu bildirib: “Artırılan məbləğ əmanətçilərin böyük hissəsini əhatə edir. Daha iri əmanət sahibləri isə daha dayanıqlı bank sistemində rahat şəkildə istədiyi bankı qiymətləndirərək seçəcək. Etiraf etmək lazımdır ki, bu gün banklarda daha böyük əmanət yerləşdirən şəxslər həm də bankın səhmdarlarının tərkinə və stabilliyinə nəzərə alaraq əmanət yerləşdirirlər. Bu faktor da iri əmanətlərin azalmayacağını deməyə əsas verir”.

    • Teqlər:
    • banklar sığorta biznes

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.